logo

Ərdoğan: "Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyirik"

23:17 25-02-2020 | icon 2023
Ərdoğan: "Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyirik"

"Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin  4,5 milyard dollardan 15 milyard dollara qədər artırılmasının tərəfdarıyam. Bu, mənim hədəfimdir”.

YeniAvropa “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu fikri Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Bakıda iki ölkə prezidentlərinin iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında çıxışı zamanı səsləndirib. 

İclasın açılışında Ərdoğan Qarabağ münaqişəsinə toxunub. Prezident İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycandır, nida” bəyanatını xatırladan Ərdoğan deyib: “Həmin bəyanata bizim imzanı da atmaq istəyirəm”.

Sonra o, Azərbaycanda həyata keçirilən islahatları dəstəklədiyini bildirərək Türkiyənin onların reallaşmasına  kömək etməyə hazır olduğunu bildirib.

“Biz Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, Star Refinery kimi nəhəng birgə layihələr həyata keçirdik. Məqsəd qarşılıqlı ticarətin təxminən 4,5 milyard dollardan 15 milyard dollara qədər artırılmasıdır”, - deyə Ərdoğan vurğulayıb. 

Görüşün sonunda brifinqdə çıxış edən Rəcəb Tayyib Ərdoğan Naxçıvan ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin qurulmasını mühüm addım adlandırıb: " Bu, Azərbaycanın bu bölgəsinin təhlükəsizliyini artıracaq".

Dağlıq Qarabağ probleminə toxunan Türkiyə prezidenti deyib: “Qarabağ Azərbaycanın  problemi olduğu qədər  bizim də problemdir. Biz Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll etməyi çox istəyirik”.