logo

Bu gün Novruzun ilk müjdəçisi-Su çərşənbəsidir

10:31 25-02-2020 | icon 1974
Bu gün Novruzun ilk müjdəçisi-Su çərşənbəsidir

 

Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə böyük önəm verir.

Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.

YeniAvropa xəbər verir ki, fevralın 25-i Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaratmışdır. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəl çərşənbə”, “gül çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində el arasında su ilə bağlı ayinlər, mərasimlər keçirilir.

Su çərşənbəsi suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

Folklorşünas Ramazan Qafarlının sözlərinə görə, Azərbaycan mifoloji təsəvvürlərində su çox hallarda odla əlaqəli təsvir edilir: “Belə ki, bir çox arxaik nağıllarda su həyatın əsas mənbəyi kimi göstərilir. Lakin insanlar sudan qıtlıq çəkirlər, ona görə ki, çayın mənbəyində çoxbaşlı əjdaha əyləşib. Ona yalnız gözəl qız qurban verəndə azca su buraxır. Əjdaha ağzından od püskürür. İsti və quraqlıq torpağın bağrını dəlik-deşik edir. Maraqlıdır ki, Su çərşənbəsindən sonra Od çərşənbəsi gəlir. Əgər birinci soyuğun sınması, qarların və buzların əriməsi, suların axıb çayları doldurması ilə əlaqələndirilirsə, ikincisi, onun səbəbi kimi nəzərə çarpır – od, isti olmasa qarlar, buzlar əriməz. Məhz ona görə də inanclarda, atalar sözü və məsəllərdə su ilə od birlikdə təqdim olunur: “Odu su ilə söndürmək günahdır”, yaxud “Su ilə odun nə oyunu?”.

Ramazan Qafarlı bildirib ki, çox hallarda həmişəaxar bulaqlar və çayların mənbələri müqəddəs yerlər sayılır. “Su çərşənbəsi mərasimində dan yeri söküləndə camaat su üstünə gedir. İlk növbədə, hamı əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, arx üstündən atdanır. Əski inama görə, Su çərşənbəsində Günəşin şəfəqdə göründüyü andan şüalarının dəydiyi su təzə və müqəddəs hesab edilirdi. Həmin suda yuyunan ürəyində tutduğu arzuya çatırmış. Tədqiqatçıların fikrincə, Xızırın dirilik çeşməsindən su içdiyi və Koroğlunun Qoşabulaqdan köpüklü su götürdüyü gün məhz Əzəl çərşənbə olmuşdur”, - deyə o qeyd edib.

“Ulularımız su qırağında, bulaq başında, arx kənarında suya müraciətlə nəğmələr oxuyurdular”, - deyən folklorşünas vurğulayıb ki, nəğmələrin bir qismində ilkin təsəvvürlər qorunub saxlanıb: “Allah, məni su elə, su gözəllər yüküdü” yalvarışında başlanğıca, ilkinə dönüş ideyası əks olunur. Doğrudur, sonralar nəğmələrin bəzi sözləri dəyişdirilmiş və bütövlükdə məhəbbət motivinə uyğunlaşdırılmışdır. Lakin dərin qatlardakı əski inanclarla səsləşmələr az da olsa, nəzərə çarpır. Belə ki, suya dönməklə qız eyni candan ayrılan sevgilisinə qovuşmaq ümidindədir. Başqa nümunədə “Aləmə can payladın” - deyə suya ilahi qüdrətə malik fövqəltəbii varlıq kimi üz tutulur, onun insanlara ancaq yaxşılıq etdiyi vurğulanır. Ümumiyyətlə, nəğmələrdə çox hallarda analar çaylardan, göllərdən qürbətə düşən oğlanlarının sorağını istəyirlər. “Kitabi-Dədə Qorqud”da su ona görə aydınlıq sayılır ki, tanrının üzünü görmüşdür”.

Qeyd edək ki, Azərbaycanda martın 3-də Od, martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:49:36 saniyədə girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Su çərşənbəniz mübarək!