logo

Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb

15:36 22-02-2020 | icon 2030
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb

Almaniya paytaxtı Berlində- Brandenburq qapıları qarşısındakı meydanda Avropa azərbaycanlılarının kütləvi mitinqi başlayıb.

 YeniAvropa xəbər verir ki, Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş mitinq “Ümumavropa Qarabağ mitinqi” adı ilə keçirilir.

Mitinq dünyanın 30 ölkəsinin diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilir, onun təşkilatçılığını isə Almaniya Azərbaycanlıları Alyansı öz üzərinə götürüb. Mitinqdə AFR, Niderland, Belçika, Lüksemburq, Macarıstan, Polşa, Çexiya, Slovakiya, İspaniya, İtaliya, İsveç, Norveç, Finlandiya, Latviya, Litva, Estoniya, Avstriya, İsveçrə, Fransa, Rumıniya, Bolqarıstan, Yunanıstan, Xorvatiya, Böyük Britaniya, Ukrayna, Moldova, Gürcüstan və Türkiyədə yaşayan həmvətənlərimiz iştirak edirlər. ABŞ və Kanadada yaşayan həmvətənlərimiz də bu möhtəşəm mitinqdə iştirak etmək üçün transatlantik uçuş ediblər. Başqa xalqların dost diaspor təşkilatlarının nümayəndələri, xüsusilə də türkdilli qardaşlarımız, habelə Ukrayna və Gürcüstandan olan dostlarımız da azərbaycanlılarla həmrəy olduqlarını bildirməyə gəliblər.

Bu dəqiqələrdə Brandenburq qapıları qarşısındakı Paris meydanı adlandırılan ərazidə saysız-hesabsız Azərbaycan bayrağı dalğalanır. Mitinqçilər əllərində “Qarabağ Azərbaycanındır!”, “Terrora və işğala yox deyirik!”, “Xocalılı uşaqların cəlladlarının məhkəməsini tələb edirik!”, “Ermənistan Qarabağın işğalına son qoymalıdır!”, “İşğala dayan deyirik!”, “Qarabağ əcdadlarımızın torpağıdır!” sözləri yazılmış böyük transparantlar tutublar.

Mitinq Azərbaycanın himninin səsləndirilməsi ilə başlayıb.