logo

Azərbaycanda Boz ay başladı

11:10 21-02-2020 | icon 2226
Azərbaycanda Boz ay başladı

Bu gün yurdumuza Boz ay daxil olur.

YeniAvropa xəbər verir ki, xalq təqviminə görə, Kiçik çillə fevralın 20-si ömrünü başa vurur, yerini Boz aya verir. Boz ay xalq arasında  “Çilləbeçə” və digər adları ilə də tanınır. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə (martın 21-nə) qədər olan dövrdür. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli – bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.

Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu, daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa, Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir. Bu ayın xalq arasında adının həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz aya “Bayram ayı” da deyilir.