logo

Martın 1-dən Daxili Qoşunların Ali Hərbi Məktəbinə namizədlərin ərizə və sənədlərinin qəbulu başlayır

18:11 28-02-2018 | icon 3787
Martın 1-dən Daxili Qoşunların Ali Hərbi Məktəbinə namizədlərin ərizə və sənədlərinin qəbulu başlayır

Martın 1-dən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə namizədlərin ərizə və sənədlərinin qəbulu başlayır. Daxili Qoşunların mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Ali Hərbi Məktəbə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr, çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.

İmtahanlar test üsulu ilə IV ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir. Tədris Azərbaycan dilində aparılır və təhsil müddəti 4 ildir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər.

Məktəbi müvəffəqiyyətlə bitirmiş məzunlara müvafiq hərbi iхtisаslаrlа bərabər “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.

Daxili Qoşunların Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti), yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə, 9 x12 santimetr ölçüdə 2 ədəd, 4x6 santimetr ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Məktəbə namizədlərin ərizə və sənədlərinin qəbulu 2018-ci il martın 1-dən aprelin 10-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

Məlumat üçün əlaqə telefonları: (012)-590-65-07, (012)-560-27-00.