logo

Azərbaycanla Gürcüstan Türkmənistan neftinin daşımağa razılaşdılar

14:31 14-02-2020 | icon 2471
Azərbaycanla Gürcüstan Türkmənistan neftinin daşımağa razılaşdılar

Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə Türkmənistandan gələn neft və neft məhsullarının daşınması üzrə rəqabətli tarif dərəcələri müəyyən edilib.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.Qeyd edilib ki, yeni tarifləri müəyyən edən protokol Tbilisidə QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze, “Azərbaycan Xəzər Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini Vahid Əliyev, Dübəndi və Batumi neft terminallarının nümayəndələri tərəfindən imzalanıb.

Mövcud yük həcmlərinin saxlanılması və alternativ marşrutlardan əlavə yüklərin cəlb edilməsi məqsədilə qəbul edilən rəqabətli tariflər 2020-ci il aprelin 1-dən noyabrın 1-dək qüvvədə olacaq. Yeni tariflər neft və neft məhsullarının həm bərələr, həm də neft terminalları vasitəsilə Türkmənistandan Azərbaycana gətirilməsinə, Azərbaycan və Gürcüstan dəmir yolları ilə Batumi neft terminalına daşınmasına şamil ediləcək.

Qeyd edək ki, 2019-cu ildə Türkmənbaşı limanından tankerlərlə Dübəndi neft terminalına 271 min ton, bərələrlə isə Ələtə 90 min ton neft və neft məhsulları daşınıb.