logo

Ötən gün Çində 121 nəfər koronavirusdan ölüb

10:11 14-02-2020 | icon 224
Ötən gün Çində 121 nəfər koronavirusdan ölüb

Çində ötən sutka ərzində daha 5090 nəfərin koronavirusun yeni növünə (COVID-2019) yoluxduğu, 121 nəfərin isə bu virusdan öldüyü təsdiqlənib. Beləliklə, indiyədək virusa yoluxanların sayı 63 min 932, ölənlərin sayı isə 1381 nəfər çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Xəbərdə bildirilir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı azalaraq 10 min 109 nəfərə düşüb. İndiyədək 7003 nəfər sağalaraq xəstəxananı tərk edib.

Ötən sutka ərzində koronavirusa ən çox yoluxma faktı (4823 nəfər) elə virusun aşkarlandığı Xubey vilayətində qeydə alınıb. Müsbət məqamlardan biri isə Xubey vilayətindən kənarda yoluxma hallarındakı dinamikanın ardıcıl olaraq 10 gün ərzində azalmasıdır.

Virusla mübarizə məqsədilə ölkənin digər yerlərindən tibb işçilərinin Xubeyə cəlb olunması davam edir. İndiyədək 21 mindən çox tibb işçisi epidemiya ilə mübarizənin “ön cəbhəsi” olan bölgəyə ezam olunub. Virusa yoluxanların sayının çoxalması tibbi ləvazimatlara ehtiyacı çoxaldıb. Artan tələbatı ödəmək üçün bəzi fabriklər müvəqqəti olaraq profili dəyişərək tibbi ləvazimat istehsalına başlayıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, Böyük Britaniya, Rusiya, İtaliya, İspaniya, İsveç, Belçika və Finlandiyada 500-dən çox yoluxma faktı olub. Çinin hüdudlarından kənarda - Filippində və Yaponiyada iki ölüm faktı qeydə alınıb.