logo

Güləşçimiz Elis Manolova Avropa çempionatının finalına yüksəlib

22:48 13-02-2020 | icon 2688
Güləşçimiz Elis Manolova Avropa çempionatının finalına yüksəlib

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, dördüncü yarış günündə - fevralın 13-də qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulub.

Güləşçimiz Tatyana Varansova (53 kq) ilk görüşdə İspaniya təmsilçisi ilə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi 2:5 hesabı ilə geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq səkkizdəbir finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb. Rəqibin finala çıxması həmyerlimizə təsəlliverici görüşə çıxmaq şansı verib.

Alyona Kolesnik (57 kq) gözlənilmədən ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü fevralın 14-də 3-cü yer uğrunda güləşəcək.

Mübarizəyə dörddəbir finaldan qoşulan Elis Manolova (65 kq) startda dünya və ikiqat Avropa çempionu Petra Olliylə (Finlandiya) qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən E.Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb.

Tatyana Omelçenko (62 kq) təsnifat mərhələsində italyan güləşçiyə qalib gəlib. Yığmamızın üzvü daha sonra Macarıstan təmsilçisini üstələyərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında dünya və ikiqat Avropa çempionu ukraynalı Yuliya Tkaça məğlub olub. T.Omelçenko fevralın 14-də bürünc medal uğrunda mübarizə aparacaq.

Bu çəkilərdə medal qarşılaşmaları fevralın 14-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, qitə birinciliyində çıxış edən yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.