logo

Çində koronavirusa yoluxanların sayı 60 minə yaxınlaşır

10:50 13-02-2020 | icon 266
Çində koronavirusa yoluxanların sayı 60 minə yaxınlaşır

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 59 min 883, bu virus səbəbindən ölənlərin sayı isə 1368 nəfərə çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, ötən gün ərzində 254 ölüm faktı baş verib. Bu, virus yayılmağa başlayandan gün ərzində qeydə alınan ən böyük rəqəmdir.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayında dəyişiklik yoxdur- 16 min nəfər. İndiyədək 5 min 917 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölüm hallarının 1310-u virusun aşkarlandığı və ən çox yayıldığı (48 min 206 nəfər) Xubey vilayətində qeydə alınıb.

Çin silahlı qüvvələrinin ali idarəedici orqanı olan Mərkəzi Hərbi Şuranın sədri, Çin Xalq Respublikasının Sədri Si Cinpinin əmri ilə müxtəlif hərbi hospitallardan əlavə 2 min 600 tibb işçisi Uxan şəhərinə ezam olunacaq. Beləliklə, Uxana ezam olunun hərbi tibbi personalın sayı 4 min nəfəri ötəcək.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada təxminən 450 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda - Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.