logo

“Azəri-Çıraq-Günəşli”dən ümumi hasilat 3,5 milyard barrelə çatıb

20:19 06-02-2020 | icon 2408
“Azəri-Çıraq-Günəşli”dən ümumi hasilat 3,5 milyard barrelə çatıb

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,5 milyard barrelə (500 milyon tondan çox) çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.

Qeyd edək ki, 2019-cu ildə “Azəri-Çıraq-Günəşli”dən hasilat 195 milyon barreldən çox, yəni 26 milyon ton təşkil edib. Ötən il AÇG-dən ümumi hasilat – “Çıraq” (41 min), “Mərkəzi Azəri” (134 min), “Qərbi Azəri” (121 min), “Şərqi Azəri” (89 min), “Dərinsulu Günəşli” (96 min) və “Qərbi Çıraq” (54 min) platformalarından birgə gündəlik orta hesabla 535 min barrel olub. İlin sonuna AÇG-də ümumilikdə 125 neft hasilat, 46 su və 7 qaz injektor quyusu istismarda olub. Keçən il blokda 10 neft hasilat və bir su injektor quyusu qazılıb.

İl ərzində AÇG layihəsinə təqribən 567 milyon dollardan artıq əməliyyat və 1 milyard 476 milyon dollaradək əsaslı vəsait xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.