logo

Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 19 il ötür

09:11 25-01-2020 | icon 2569
Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 19 il ötür

Yanvarın 25-də Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü qəbul olunmasından 19 il ötür.

 YeniAvropa xəbər verir ki, Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayıb.  Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb. Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub. Həmin il iyunun 28-də AŞ PA Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib. Azərbaycan prezidenti Heydər Əliyev iyulun 13-də Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1997-ci il oktyabrın 10-11-də Azərbaycan prezidenti Heydər Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən ikinci Zirvə toplantısında iştirak edib, Avropa Şurasının rəhbərliyi ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin mövqeyini açıqlayıb.

1998-ci il yanvarın 20-də prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar imzalayıb.

2000-ci il iyunun 26–28-də AŞ PA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib. Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib. Həmin il yanvarın 25-də prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.

2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının AŞ PA-dakı nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edib.

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib.

Ölkəmiz Avropa İnsan Hüquqları Məhkəməsində təmsil olunur.