logo

Bu il “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasilat azalacaq

12:33 23-01-2020 | icon 2548
Bu il “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasilat azalacaq

Cari ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilatın 186,7 milyon barrel olacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, AÇG yatağı üzrə 2020-ci ildə ötən ilə nisbətən hasilatın aşağı düşməsi yatağın 66 faizini təşkil edən “Azəri” rezervuarında aşağı əsas səviyyə ilə birlikdə qaz-neft əmsalının daha dik enişi ilə bağlıdır.

2017-ci il sentyabrın 14-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard ABŞ dolları məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur. Həmin bonus məbləğinin 2-ci hissəsi – 450 milyon dollarının və ya 765 milyon manatının 2020-ci ilin ilk ayında ödənilməsi gözlənilir.

Qeyd edək ki, AÇG yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,6 milyard barreldən çox olub. AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.