logo

12 tondan çox saxta kərə yağı aşkarlanıb

17:30 16-01-2020 | icon 2569
12 tondan çox saxta kərə yağı aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.

YeniAvropa xəbər verir ki,yoxlama zamanı marketlərdə “Belorusskaya korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod “Foodini” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ölkəyə idxal olunan “Belaya korova” əmtəə nişanlı kərə yağına aid olub.

“Belorusskaya korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının “Luninec” Açıq tipli Səhmdar Cəmiyyəti olması qeyd edilib. Belarusun “Luninec” süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin “Belorusskaya korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.

Məlum olub ki, “Bizim market” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Belorusskaya korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi “SN Qida Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı” bölmələri) saxtalaşdırılıb.

Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı və məhsulun saxtalaşdırıldığı təsdiq edilib.

Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına göndərilib. “Bizim market” şəbəkəsinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilib və həmin məhsul partiyası dövriyyədən çıxarılıb.