logo

Gürcüstan növbəti 2 ildə iki külək elektrik stansiyası tikmək niyyətindədir

13:20 14-01-2020 | icon 2639
Gürcüstan növbəti 2 ildə iki külək elektrik stansiyası tikmək niyyətindədir

Gürcüstan hökuməti paytaxt Tbilisi və Kaspi rayonunun yaxınlığında külək elektrik stansiyalarının tikintisi ilə bağlı yeni konsepsiyanı təsdiq edib.

YeniAvropa xəbər verir ki, bu barədə “Georgia Capital” investisiya şirkəti məlumat yayıb.Məlumatda deyilir ki, 108 meqavat (MVt) gücündə olacaq külək elektrik stansiyalarının tikintisi paralel aparılacaq və 2020-ci ildə istifadəyə veriləcək.Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib ki, 2020-ci ildə ümumi gücü 270 MVt olan 5 külək elektrik stansiyası fəaliyyətə başlayacaq.

Cari ilin sonuna ölkə külək elektrik stansiyalarından 332 MVt, 2025-ci ildə 665 MVt, 2030-cu ildə isə 1,3 min MVt gücündə enerji almaq niyyətindədir.

Qeyd edək ki, hazırda Gürcüstanın Qori bölgəsində 20 MVt gücündə “Kartli” külək elektrik stansiyası fəaliyyət göstərir.

Gürcüstanın elektrik enerjisinə olan ehtiyacı hər il artır. 2016-cı ildən 2018-ci ilədək ölkədə elektrik enerjisinə ehtiyac 6 faiz, elektrik enerjisi istehsalı isə cəmi 5 faiz artıb. Bunun nəticəsində Gürcüstan elektrik enerjisinin idxalını 3 dəfə çoxalıb.

Gürcüstan 2019-cu ildə saatda 1623 milyon kilovat həcmində elektrik enerjisi idxal edib. Bu da 2018-ci illə müqayisədə 7,5 faiz çox olub.

“Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatına görə, keçən il Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 68 faizini Azərbaycandan, 32 faizini isə Rusiyadan alıb.