logo

Rus Dram Teatrında əfsanəvi “Mixaylo”nun yubileyi qeyd edilib

19:54 19-12-2017 | icon 4340
Rus Dram Teatrında əfsanəvi “Mixaylo”nun yubileyi qeyd edilib

Dekabrın 19-da Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycanın və Rusiyanın Xalq Artisti Nodar Şaşıqoğlunun 90 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev aktyorun qeyri-adi xarizma və istedada malik olduğunu söyləyib. Qeyd edib ki, Nodar Şaşıqoğlu bir çox filmə çəkilib, maraqlı personajlardan ibarət bütöv bir qalereya yaradıb. Onun yaradıcılığının kulminasiya nöqtəsi isə əfsanəvi kəşfiyyatçı və partizan Mehdi Hüseynzadə - “Mixaylo” obrazıdır. Məhz bu parlaq obraz aktyorun adını Azərbaycan kinematoqrafiya tarixinə həmişəlik olaraq yazıb.

Sonra Rus Dram Teatrının baş rejissoru, Xalq Artisti Aleksandr Şarovskiy və teatrın aktyorları Nodar Şaşıqoğlunun həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Yubiley gecəsində aktyorun çəkildiyi “Uzaq sahillərdə”, “Onun böyük ürəyi” və digər filmlərdən kadrlar nümayiş etdirilib.