logo

Rəsmi Tehran Ukrayna xalqından və dövlətindən üzr istədi

12:05 11-01-2020 | icon 2296
Rəsmi Tehran Ukrayna xalqından və dövlətindən üzr istədi

Yanlışlığa yol verən hərbçilər cinayət məsuliyyətinə cəlb ediləcəklər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İran prezidenti Həsən Ruhani “Twitter” hesabında yazıb. Prezident bildirib ki, bu kədərli hadisəyə görə İran dərin təəssüf hissi keçirir.

H.Ruhani ölənlərin yaxınlarına və ailə üzvlərinə başsağlığı verib.

Xatırladaq ki, faciəli hadisəyə İranın xarici işlər naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi də münasibət bildiriblər. Onlar da Ukrayna xalqından və dövlətindən üzr istəyib, günahkarların cəzalandırılacağını nəzərə çatdırıblar.

Qeyd edək ki, yanvarın 8-də Ukraynaya məxsus “Boeing-737-800” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində 176 nəfər olub. Onlardan 41-i İran, 63-ü Kanada vətəndaşları olub. Qalanları isə Böyük Britaniya, Ukrayna, Əfqanıstan , Almaniya və İsveç vətəndaşları oliblar.

Bu gün isə İran bəyanat verərək təyyarənin Rusiya istehsalı olan və İran ordusunun silahlanmasında yer alan “Tor-M2” zenit-raket kompleksi ilə yanlışlıqla vurulduğunu etiraf edib.  

İran Ordusu Baş qərargahının bəyanatında deyilir ki, təyyarə havaya qalxandan sonra mühüm hərbi obyektin yaxınlığından uçub. Və həmin gün İraqdakı ABŞ aviabazalarına raket zərbələrinin endirilməsi ilə bağlı Birləşmiş Ştatların mümkün cavab zərbələrindən qorunmaq üçün hava hücumundan müdafiə qüvvələrinə 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bəyanata əsasən layner İnqilab Keşikçiləri Korpusunun mühüm hərbi obyektlərindən birinə tərəf dönəndə hava hücumundan müdafiə kompleksinin operatoru onu səhvən “düşmən hədəfi” kimi qəbul edib və raket zərbəsi endirib.