logo

Avstriya tarixində ilk dəfə qadın müdafiə naziri oldu

18:20 07-01-2020 | icon 2415
Avstriya tarixində ilk dəfə qadın müdafiə naziri oldu

Yanvarın 7-də Vyanada prezident Administrasiyasının yerləşdiyi “Hofburq“ sarayında yeni qurulmuş federal hökumətin andiçmə mərasimi keçirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,andiçmə mərasimi zamanı yeni hökumətin tərkibi ilk dəfə rəsmi şəkildə ictimaiyyətə təqdim olunub.

Avstriya Xalq Partiyasının təmsilçisi Klaudia Tanner Federal Müdafiə Nazirliyinə rəhbərlik edən ilk qadın kimi ölkə tarixinə düşüb. Aşağı Avstriya federal əyalətindən olan qadın siyasətçinin qarşısında çətin vəzifə dayanır. Hazırda maliyyə çətinlikləri içərisində olan Avstriya ordusunda peşəkar kadrlar, yeni silah-sursat və hərbi texnika, maliyyə resursları çatışmır.

K.Tanner nazir səlahiyyətlərini qəbul edərkən qarşıda çətin və yoxuşlu bir yolun durduğunu, orduda perspektivli resurs və strukturlar, müasir texniki baza və silahlara ehtiyac olduğunu bildirib. O, ölkənin təhlükəsizliyinə zəmanət olan silahlı qüvvələrin gələcəyini təmin etmək üçün var gücünü sərf edəcəyini deyib.

Federal prezident Aleksander Van der Bellen Avstriya tarixində ilk dəfə olaraq birgə hökumət quran mərkəzçi-mühafizəkar Avstriya Xalq Partiyası (ÖVP, ənənəvi olaraq “qaralar” adlanır) və Yaşıllar Partiyasının (partiyanın adına müvafiq olaraq “yaşıllar” adlanır) mənsublarına müraciət ünvanlayıb. O, iki fərqli siyasi qütbü təmsil edən partiyalardan təşkil olunan koalisiyalı hökumətin qara-yaşıl deyil, qırmızı-ağ-qırmızı (ölkə bayrağının rəngləri) prinsiplərə sadiq qalmağı arzu edib. Federal Prezident bununla da hökumət daxilində partiya maraqlarının deyil, ölkənin ümumi maraqlarının ön planda dayanmasını gözlədiyini bildirib.

Andiçmə mərasimində Avstriya Xalq Partiyasının sədri, hökumətin rəhbəri Sebastian Kurts Federal Kansler qismində, Yaşıllar Partiyasının sədri Verner Koqler isə vitse-kansler qismində müvafiq sənədləri qəbul ediblər.

Yeni hökumət nazirlər və dövlət katibləri də daxil olmaqla, 17 nəfərdən ibarət olacaq.