logo

Daxili İşlər Nazirliyi Yeni illə bağlı  vətəndaşlara müraciət edi

21:45 30-12-2019 | icon 2366
Daxili İşlər Nazirliyi Yeni illə bağlı  vətəndaşlara müraciət edi

Daxili İşlər Nazirliyi (DİN) Yeni il münasibətilə vətəndaşlara müraciət ünvanlayıb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya daxil olan müraciətdə qeyd edilib: “Qarşıdan gələn Yeni il bayramı münasibətilə bütün vətəndaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayırıq!

Bu bayramı yüksək əhval-ruhiyyədə keçirmək üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız yaradılmış bu əlverişli şəraitdən səmərəli istifadə etmək əvəzinə, bayram ərəfəsində öz maliyyə itkilərini düşünmədən, satışı qanunla qadağan edilmiş, yüksək səsyayıcı qabiliyyətinə malik bahalı pirotexniki vasitələrdən istifadə edərək ətrafdakı insanların rahatlığını və dincliyini pozurlar.

Bundan başqa, yanğına və digər xoşagəlməz hadisələrin də baş verməsinə səbəb olan bu vasitələrin anidən baş verən partlayışı həm də insanların, əsasən də yaşlı, xəstə və uşaqların psixi durumuna və səhhətinə mənfi təsir göstərir, onlarda qorxu hissi yaradır.

Bunları nəzərə alaraq, bir daha vətəndaşlarımızdan, xüsusən gənclərimizdən xahiş edirik ki, bayram günlərində insanların yüksək əhval-ruhiyyəsini, dincliyini pozan, sağlamlığa zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan belə hərəkətlərdən çəkinsinlər. Vətəndaşlarımızın bayram sevincini, ovqatlarını bu kimi xoşagəlməz hərəkətlərlə pozmasınlar”.