logo

Gürcüstan MSK-nın sədri bələdiyyə seçkilərini izləyəcək

19:29 22-12-2019 | icon 2527
Gürcüstan MSK-nın sədri bələdiyyə seçkilərini izləyəcək

Azərbaycan Respublikasında bələdiyyə seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, gürcüstanlı həmkarı Tamar Jvaniyanı və rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan MSK sədri Məzahir Pənahov əlaqələri genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib. Sədr, eyni zamanda vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının və seçki sisteminin inkişafında mühüm rol oynayır.

Seçkilərin müşahidəsi üçün dəvətə və MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri T.Jvaniya ölkəmizdə və Mərkəzi Seçki Komissiyasında olmaqdan şad olduğunu bildirib. Bələdiyyə seçkilərinə hazırlıqlardan danışan MSK sədri M.Pənahov bildirib ki, dekabrın 22-də Azərbaycan seçicilərinin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.