logo

Azərbaycan Ərəb Əmirliklərinə fındıq ixrac edəcək

19:57 13-12-2019 | icon 2541
Azərbaycan Ərəb Əmirliklərinə fındıq ixrac edəcək

Yanvarda Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 200 min dollarlıq fındıq ixrac edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil olunmuş ixrac missiyası başa çatıb. Missiyada qida sənayesi, turizm və tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti iştirak edib. Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə müzakirələr aparıb və məhsul ixracına dair razılıq əldə ediblər. Belə ki, Azərbaycanın “Azhazelnut” və BƏƏ-nin distribüter şirkətləri 200 min ABŞ dolları dəyərində fındıq məhsulunun yanvar ayında ixracına dair ilkin razılığa gəliblər.

“Azərsun Holdinq” və “Gilan FMCG” şirkətləri BƏƏ-dən olan şirkətlər, həmçinin iri market şəbəkələri ilə məhsul ixracı, “İdea” şirkəti isə Əbu-Dabi şəhərində fəaliyyət göstərən şirkətlə məhsulların sərgi salonunun (showroom) açılması barədə ilkin razılıq əldə ediblər.

İxrac missiyası çərçivəsində “Ecodry”, “AHEC”, “Az-Granata”, “Brightman BMC”, “BakuKonserv”, “Salam Travel”, “Novus E.R.A.” və digər Azərbaycan sahibkarları BƏƏ şirkətləri ilə keçirilmiş işgüzar görüşlərdə məhsul və xidmətlərin ixracına dair müzakirələr aparıblar.