logo

Bakıda mini-SES istismara verilib

11:29 13-12-2019 | icon 2597
Bakıda mini-SES istismara verilib

“Azərenerji” ASC sentyabrda Şüvəlan qəsəbəsində istismara verilən 400 meqavatlıq “Şimal-2” elektrik stansiyasında daha bir irəliləyişə nail olub. Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik “Şimal-2” elektrik stansiyasının ərazisində kiçik su elektrik stansiyası tikilib.

“Azərenerji”-dən YeniAvropa-ya bildirilib ki, indiyədək “Şimal-2”nin buxar turbininin kondensatorunun soyudulması üçün Xəzər dənizindən götürülən su geri dönərək yenidən dənizə tökülürdüsə, artıq geri qayıdan həmin su yeni tikilən kiçik su elektrik stansiyasına daxil olur və suyun kinetik enerjisindən istifadə edilməklə enerji alınır. Stansiyanın tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb və montaj prosesində yerli mütəxəsislərlə yanaşı xarici mütəxəssislər də iştirak edib. Su elektrik stansiyasının tikintisi, sifariş verilən avadanlıqların gətirilməsi və montajı bir neçə ayın içində yekunlaşdırılıb.

300 kilovatlıq stansiya vasitəsilə il ərzində 2,5 milyon kilovat/saatadək elektrik enerjisi alınacaq ki, bu da ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər “Şimal” elektrik stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.

Qeyd dək ki, “Azərenerji” ASC “Şimal” elektrik stansiyasında olduğu kimi digər elektrik stansiyalarında da analoji olaraq qayıdan sudan faydalanıb əlavə enerji istehsal etmək niyyətindədir. Artıq “Cənub” elektrik stansiyasında da belə bir kiçik su elektrik stansiyasının tikilməsi planlaşdırılıb.