logo

Mingəçevirdə saxta “Nemiroff”, “Beluqa”, “Baykal”...araqları 

20:09 11-12-2019 | icon 2478
Mingəçevirdə saxta “Nemiroff”, “Beluqa”, “Baykal”...araqları 

Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında Mingəçevir şəhərindəki M.F.Axundov küçəsi ev 8, mənzil 4 ünvanında Yusubzadə Şəmsəddin Rəzəddin oğluna məxsus saxta alkoqollu içkilərin istehsalı sexində reyd keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  YeniAvropa-ya verilən məlumata görə, agentliyin Bərdə regional bölməsinin əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə keçirilən reyd zamanı sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək müəyyən miqdarda mənşəyi məlum olmayan spirt və xammallar (su və müxtəlif meyvə ətirləri) əlavə olunaraq alkoqollu içkilər hazırlandığı aşkar edilib.

Baxış zamanı məlum olub ki, mənşəyi məlum olmayan xammalların və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmadan müxtəlif markalı "Nemiroff", "Beluqa", "Finlandia" , "Ruskıy Standart", "Banketnaya", "Baykal", "Talka" və s. əmtəə nişanlı istehsalçılara məxsus alkoqollu içkilər hazırlanaraq satışa verilir. Eyni zamanda müəssisədə müxtəlif brend markalı istehsalçılara məxsus 450 ədəd şüşə butulka, 3500 ədəd qapaq, 6500 ədəd aksiz marka, 500 ədəd "Ruskıy Standart" etiketi, 400 ədəd stiker, 1500 ədəd QR-kod, filtr üçün istifadə edilən kristal duz və mənşəyi məlum olmayan spirt aşkar edilib. Müəssisədəki bütün xammal və ləvazimatlar araşdırma aparılmaq üçün götürülüb.

Aşkarlanan müxtəlif əmtəə nişanlı alkoqollu içkilərdən nümunələr götürülərək aidiyyəti üzrə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.