logo

Dünyada ilk elektrik mühərrikli təyyarə Kanadada havaya qalxıb

18:56 11-12-2019 | icon 2429
Dünyada ilk elektrik mühərrikli təyyarə Kanadada havaya qalxıb

Dünyada ilk elektrik mühərrikli təyyarə Kanadada havaya qalxıb. 

YeniAvropa  "BBC" telekanalına istinadla xəbər verir ki, bu barədə məlumatı və təyyarənin uçuş video və foto materiallarını “Harbour Air” aviaşirkəti yayıb.

Məlumatda qeyd olunur ki, aviaşirkətin hidrotəyyarə istehsal edən mütəxəssislərinin səyi nəticəsində yanacaqsız uçan təyyarə reallığa çevrilib. Layihənin elektrik mühərrikini “MagniX” şirkəti hazırlayıb.

Səhər saatlarında havaya qalxan “ePlane” Riçmond səmasında ilk uğurlu kommersiya uçuşunu yerinə yetirib. Belə ki, "de Havilland Canada DHC-2 Beaver" markalı 6 yerli təyyarədə 750 at gücünə malik olan “magni500” mühərriki quraşdırılıb. Təyyarəni “Harbour Air” aviaşirkətinin baş direktoru və sahibi Qreq Makduqall idarə edib.

Bildirilir ki, aviaşirkət tezliklə elektrik mühərriki ilə uçan təyyarələrin motor sisteminin sertifikatlaşdırma prosesini həyata keçirməyi planlaşdırır. Mühəndislər mühərrikin gücünün artırılması üzrə yeni uğurlar əldə olunduğunu, lakin batareya sisteminin təkmil olmadığını qeyd edirlər. Bu səbəbdən təyyarə 160 kilometrdən uzağa uça bilmir.