logo

Hacıqabulda daha bir Rusiya şirkətinin zavodunun təməli qoyulub

18:55 09-12-2019 | icon 2940
Hacıqabulda daha bir Rusiya şirkətinin zavodunun təməli qoyulub

Dekabrın 9-da Hacıqabul Sənaye Məhəlləsində Rusiyanın “Penopleks SPB” şirkətinin İzolyasiya Materiallarının İstehsalı Zavodunun təməlqoyma mərasimi keçirilib.

 YeniAvropa xəbər verir  ki, mərasimdə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov və şirkətin rəhbərliyi iştirak edib.

Məlumat varilib ki, Hacıqabul Sənaye Məhəlləsində həyata keçiriləcək “Penopolistiroldan istilik izolyasiya piltələrin istehsalı” layihəsi penopolistiroldan istilik izolyasiya piltələrin istehsalını nəzərə tutur. İllik istehsalat həcmi 100 min kubmetr, investisiya dəyəri isə 6,5 milyon ABŞ dollarıdır. Müəssisənin ərazisi 7 hektar olacaq, iş yerlərinin sayı isə 78 nəfərdir. Layihə üzrə istehsal ediləcək məhsulların əsas satış bazarı Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan və Rusiya olacaq.

Bildirilib ki, 1998-ci ildə yaradılan və baş ofisi Sankt-Peterburqda yerləşən “Penopleks SPB” MMC-nin əsas fəaliyyət sahəsi polimer əsaslı istilik və su izolyasiyası, eləcə də dekorativ-tətbiqi materiallarının istehsalıdır. Müəssisə penopolistiroldan hazırlanan istilik izolyasiya piltələr, ekstruziya izolyasiyası və dekorativ-tətbiqi materialları, ümumi təyinatlı polistrol istehsal edilir. İllik istehsal gücü 3 milyon kubmetr olan müəssisənin məhsulların üstünlükləri onların sıxılmaya qarşı yüksək davamlılığının, sıfır su udma qabiliyyətinin, dəyişməz aşağı istilik keçiricilik əmsalının, piltələrin yüngül çəkisi və rahat həndəsi forması, tam biostabil davamlılığının, ekoloji və materialların uzunömürlü olmasıdır. Şirkətin mövcud zavodları 8-i Rusiyada, biri Qazaxıstan və biri Özbəkistanda fəaliyyət göstərir. Məhsullar əsasən divarların, damların, kürsülərin, fundamentlərin, yaşayış və ticarət binalarının eyvanlarının, heyvandarlıq fermalarının, istixanaların, mühəndis kommunikasiya xətlərinin, soyuducuların, idman tikililərinin, seysmoloji cəhətdən təhlükəli ərazilərdə bina və tikililərin deformasiya tikişlərinin izolyasiyasında istifadə olunur.

Tədbir iştirakçıları Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. İştirakçılara məlumat verilib ki, Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. İyirmi hektar ərazidə yaradılmış sənaye məhəlləsi 10 min kvadratmetr olan 4 istehsal təyinatlı binadan, 937 kvadratmetr olan inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati binası toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və idarəedici təşkilatın istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Burada ümumi dəyəri 60 milyon manatdan çox olan layihələr üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsala hazırlıq işləri aparılır.