logo

Deputat Yevda Abramovun Qubada dəfn olunub

12:57 08-12-2019 | icon 2401
Deputat Yevda Abramovun Qubada dəfn olunub

Dekabrın 8-də Qubada  Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədr müavini kimi fəaliyyət göstərmiş Yevda Abramovla vida mərasimi keçirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə, Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisinin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində birinci vitse-prezidenti Mehriban Əliyevanın Yevda Abramovun ailəsinə ünvanladığı başsağlığı məktubu oxunub.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin deputatı Vahid Əhmədov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev mərasimdə çıxış edərək Yevda Abramovun həyat və fəaliyyəti haqqında danışıblar.

Bildirilib ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 1948-ci il iyunun 12-də Quba rayonundakı Qırmızı qəsəbədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olub. Yeni Azərbaycan Partiyasının üzvü olan Yevda Abramov 53 saylı Quba-Qusar seçki dairəsindən 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı seçilib. Azərbaycan-Argentina, Azərbaycan - Kuba və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupların üzvü, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

2018-ci ildə prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Yevda Abramovu “Şöhrət” ordeni ilə təltif edib.

Qeyd edək ki, Yevda Abramov dekabrın ayının 6-da 71 yaşında vəfat edib.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.