logo

İsveç 2021-ci ildə ATƏT-də sədrlik edəcək

15:56 06-12-2019 | icon 791
İsveç 2021-ci ildə ATƏT-də sədrlik edəcək

İsveç 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrlik edəcək.

YeniAvropa  İsveç hökuməti katibliyinin yaydığı məlumata istinadla bildirir ki, bu barədə qərar təşkilata üzv dövlətlərin Nazirlər Şurasının Bratislavada keçirilən iclasında qəbul olunub.

İsveçin Xarici İşlər naziri Ann Linde həmin qərarla bağlı deyib: “2021-ci ildə ATƏT-ə sədrliyin İsveçə həvalə edilməsi mənim üçün böyük şərəfdir. ATƏT Avropada sülh və təhlükəsizlik məsələlərinə dair unikal dialoq platforması təklif edir. Bu təşkilat, həmçinin bizim regionda təhlükəsizliklə bilavasitə əlaqəli olan məsələlərin həlli ilə məşğul olur”.

ATƏT özünün 57 üzv ölkəsi ilə təhlükəsizlik siyasəti üzrə əməkdaşlıq fəaliyyəti göstərir. Bu təşkilatda bütün Avropa ölkələri, habelə ABŞ, Kanada və Mərkəzi Asiya dövlətləri bərabər hüquqda iştirak edirlər. Onun fəaliyyəti təhlükəsizliyin geniş spektrinə, o cümlədən silahlar üzərində nəzarətə, insan haqlarına, hüququn üstünlüyünə və demokratiyaya istiqamətlənib. Ann Linde əlavə edib: “İsveç təşkilata sədrliyi dövründə Avropa təhlükəsizlik qaydalarının əsaslandığı prinsiplərə hörmətin bərpa olunması üzərində işi davam etdirəcək. Biz müvafiq forumlarda demokratiyanın, insan haqlarının və gender bərabərliyinin möhkəmlənməsi üzrə səylərə prioritet diqqət yetirəcəyik”.

Qeyd edək ki, Hazırda ATƏT-də Slovakiya sədrlik edir. 2020-ci il yanvarın 1-dən isə bu təşkilata sədrlik Albaniyaya keçəcək.