logo

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gürcüstana səfər edib

12:59 06-12-2019 | icon 2618
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gürcüstana səfər edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gürcüstanda səfərdədir.

YeniAvropa xəbər verir  ki, səfər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli Gürcüstanın kənd təsərrüfatı və ətraf mühit naziri Levan Davitaşvili ilə görüşüb. Q.Təhməzli bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlət və hökumət başçılarımızın xüsusi rolu olub. Prezident İlham Əliyev Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. AQTA-nın geniş tərkibli nümayəndə heyətinin Gürcüstana səfəri də buna sübutdur.

Q.Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin missiyası və fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verib, agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, AQTA ölkədə qida təhlükəsizliyinin, insanların sağlam və təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində çox mühüm işlər görür. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirir, Avropa Qida Təhlükəsizliyi Agentliyi və bir sıra digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. AQTA qida sahəsində idxal-ixrac məsələlərinə, ticarət dövriyyəsində qida təhlükəsizliyinə böyük əhmiyyət verir. Aşağı, orta və yuxarı riskli məhsullara sərhəd keçid məntəqələrində nəzarət də AQTA-nın fəaliyyət dairəsindədir. Səfərin əsas məqsədlərindən biri də bu işlərlə bağlı gürcü həmkarlar və müvafiq dövlət qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə fikir və təcrübə mübadiləsi aparmaq, bu sahədə əməkdaşlığı gücləndirməkdir.

Gürcüstanın bütün sahələrdə dost Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Levan Davitaşvili deyib: “Bu gün biz kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində Azərbaycanla sıx əməkdaşlıq edirik. Azərbaycanlı həmkarlarımızla müntəzəm əlaqə saxlayırıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edirik. İnanıram ki, AQTA nümayəndə heyətinin Gürcüstana səfəri bizim əməkdaşlıq dairəmizi daha genişləndirəcək və hər iki tərəf üçün faydalı olacaq”.

L.Davitaşvili nazirliyin tərkibində fəaliyyət göstərən Milli Qida Agentliyinin fəaliyyəti, ölkəsində əhalinin təhlükəsiz qida və kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində görülən işlər, bu sahədə Avropa İttifaqı ilə imzalanmış sənədlər barədə məlumat verib. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə də əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanaraq imzalanması imkanları nəzərdən keçirilib, xəstəlik və zərərvericilərdən azad zonaların yaradılması, sərhədyanı ərazilərdə fitosanitar monitorinqlərin keçirilməsi və zərərvericilərə qarşı birgə mübarizənin aparılması, sertifikatların elektron mübadiləsi mexanizminin təşkili və sahibkarlıq subyektlərinin qeydiyyatı ilə bağlı digər dövlətlərlə əməkdaşlıq mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli Gürcüstanın Milli Qida Agentliyində də olub. Azərbaycan nümayəndə heyətinin üzvləri Gürcüstanda qida təhlükəsizliyi, ziyanvericilərə qarşı mübarizə və digər məqsədlər üçün nəzərdə tutulmuş avadanlığa baxış keçiriblər.

Burada keçirilən görüşdə qida zəncirinin bütün mərhələlərində qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin təşkili üzrə təcrübə mübadiləsinin aparılması, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər qida təhlükəsizliyinin müxtəlif xidmətləri üzrə mütəxəssislərin mübadiləsi, subyektlərin qida təhlükəsizliyi qeydiyyatının tətbiqi, kadr hazırlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Bundan başqa, AQTA sədri Gürcüstan ətraf mühit və kənd təsərrüfatı Nazirliyinin laboratoriyasına baş çəkib, laboratoriyanın fəaliyyəti ilə yaxından tanış olub.

Azərbaycan nümayəndə heyəti, həmçinin Gürcüstanda ət emalı müəssisəsində dövlət nəzarətinin həyata keçirilməsi prosesini izləyib. Bu sahədə təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti daha sonra “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində olub, idxal-ixrac əməliyyatlatlarının həyata keçirilməsi prosesini izləyib.