logo

Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı görüşü işə başlayıb

10:29 05-12-2019 | icon 2324
Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı görüşü işə başlayıb

Dekabrın 5-də Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası öz işinə başlayır.

YeniAvropa xəbər verir  ki, iki gün davam edəcək toplantıya təşkilatda təmsil olunan 57 ölkədən 40-dan çox xarici işlər nazirinin qatılacağı gözlənilir. İclas Slovakiyanın quruma sədrliyi dövründə elan etdiyi “Əhali, dialoq və sabitlik naminə” devizi altında keçiriləcək.

ATƏT-ə üzv və tərəfdaş ölkələrdən olan nazirlər, yüksək səviyyəli dövlət və hökumət nümayəndələri Avropada və dünyanın digər regionlarında təhlükəsizliyə çağırışları və mövcud problemləri müzakirə edəcəklər.

Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib ki, bu iclas sədrlik dövründə qarşıya qoyulmuş hədəflərlə bağlı daha yaxşı əməkdaşlığa nail olmağa imkan yaradır. Bu hədəflər arasında münaqişələrin qarşısının alınması və nizamlanması, eləcə də onların əhaliyə təsirlərinin azaldılması, daha təhlükəsiz gələcəyin təmin olunması, eləcə də səmərəli multilateralizmin təşviq edilməsi yer alır.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Nazirlər Şurasının iclasında iştirak etmək üçün Slovakiya paytaxtında səfərdədir.