logo

Bu il Azərbaycanda daha 592 nəfər İİV-ə yoluxub

19:21 02-12-2019 | icon 2317
Bu il Azərbaycanda daha 592 nəfər İİV-ə yoluxub

 Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfərdə yeni İİV-ə yoluxma faktı təsdiqlənib. Onlardan 563-ü Azərbaycan vətəndaşı, 29 nəfəri isə əcnəbidir. 

 YeniAvropa xəbər verir ki, bu fikir dekabrın 2-də Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Dünya Səhiyyə Təşkilatı (DST) və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birgə təşkil etdiyi dəyirmi masada səsləndirilib. 

DST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı 1988-ci ildə təsis olunan bu günün məqsədinin İİV-ə qarşı mübarizə aparmaq, bu xəstəliyə yoluxmuş insanlara dəstək göstərmək və İİV səbəbi ilə vəfat edən xəstələrin xatirəsini yad etmək olduğunu deyib. H.Harmancı bildirib ki, 1984-cü ildən aşkar olunan virusdan indiyə qədər 35 milyon insan vəfat edib. Bu, xəstəliyin dünyanın ən böyük bəlalarından biri olduğunu göstərir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova mərkəzin təsis olunmasından 30 il keçdiyini bildirib. O, bu illər ərzində müəssisənin genişləndiyini və xidmət səviyyəsinin yüksəldiyini qeyd edib.

Mərkəzin nümayəndəsi Natiq Zülfüqarov "Dünyada və Azərbaycanda İİV/QİÇS-lə əlaqədar epidemioloji vəziyyət və mübarizə proqramları" mövzusunda təqdimatla çıxış edib.

"DST-nin bu ilin iyununda dərc etdiyi məlumata əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37.9 milyon nəfər təşkil edir. Onlardan yalnız 24.5 milyonu antiretovirus müalicə ilə əhatə olunub. Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfərdə yeni İİV-ə yoluxma faktı təsdiqlənib. Onlardan 563-ü Azərbaycan vətəndaşı, 29 nəfəri isə əcnəbidir. Virusa yoluxan Azərbaycan vətəndaşlarından 371-i kişi, 192-si qadındır. Dekabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır", - deyə N.Zülfüqarov təqdimat zamanı bildirib.