logo

Sabiq baş nazir 101 yaşında vəfat etdi

15:10 29-11-2019 | icon 2737
Sabiq baş nazir 101 yaşında vəfat etdi

Yaponiyanın siyasi dairələrində konservativ siyasətçi kimi tanınmış, 1982-ci ilin noyabrından 1987-ci ilin noyabrınadək ölkə hökumətinə rəhbərlik etmiş Yasuhiro Nakasone noyabrın 29-da 101 yaşında vəfat edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə hakim Liberal Demokratik Partiyası (LDP) məlumat yayıb. Bildirilir ki, Y.Nakasone səhər saat 7 radələrində Tokiodakı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, Y.Nakasone Yaponiya siyasətində on illərlə hakim mövqe tutmuş bir siyasətçi olaraq ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin və Konstitusiyaya yenidən baxılmasının tərəfdarı kimi tanınmışdı.

Y.Nakasone onunla eyni vaxtda ABŞ Prezidenti vəzifəsində olmuş Ronald Reyqanla sıx dostluq münasibətlərinə malik idi və onlar bir-birlərini adları ilə çağırırdılar.

Müharibədən sonrakı Yaponiyada 1806 gün (beşinci uzun müddətli Baş Nazir) hakimiyyətdə olmuş Y.Nakasone müharibədən sonrakı siyasətin tənzimlənməsinə çalışaraq, inzibati və fiksal islahatların davam etdirilməsinin tərəfdarı idi. Məhz onun bu cəhdləri əsas dövlət müəssisələrinin özəlləşdirilməsi ilə nəticələnmişdi.

Baş Nazir olduqdan dərhal sonra o, 1983-cü ilin yanvarında ilk rəsmi səfərini Cənubi Koreyaya edərək, Seul ilə münasibətlərin yaxşılaşmasına nail olmuşdu.

Həmin il “The Washington Post” qəzeti yazırdı ki, Yaponiya sovet bombardmançı təyyarələrindən müdafiədə ayrılmaz “aviadaşıyıcı” rolunu oynamalı və strateji boğazlarda sovet gəmilərinin hərəkətinin qarşısını almalıdır.

1985-ci il avqustun 15-də, Yaponiyanın II Dünya müharibəsində təslim olmasının növbəti ildönümündə məhz o, ilk dəfə Yaponiyanın Baş Naziri olaraq Yasukuni məbədini ziyarət etmişdi. Tokioda yerləşən həmin şintoist məbədi Yaponiyanın keçmiş militarizminin rəmzi olaraq bu gün də Yaponiya ilə Çin və Cənubi Koreya arasında diplomatik qarşıdurmaya səbəb olur.

1918-ci il mayın 27-də Qunma prefekturasının Takaşaki şəhərində anadan olan Y.Nakasone Tokio İmperiya Universitetini bitirib və əvvəlcə Daxili İşlər Nazirliyində, sonralar isə Yaponiya İmperator donanmasında çalışıb.

Y.Nakasone 1955-ci ildə Liberal Partiya ilə Demokratik Partiyanın birləşməsi nəticəsində yaranan LDP-yə qoşulur. 1959-cu ildə isə keçmiş Elm-Texnika Agentliyinin baş direktoru kimi Nazirlər Kabinetində ilk vəzifəni tutur.

Sonralar Nəqliyyat naziri, Müdafiə Agentliyinin baş direktoru, Ticarət və Sənaye naziri və LDP-nin baş katibi vəzifələrini tutan Y.Nakasone ölkənin 71-ci Baş Naziri olaraq Zenko Suzukini əvəz edir.

1947-ci ildə Nümayəndələr Palatasına seçildikdən sonra o, 2003-cü ildə siyasəti tərk edənədək 20 dəfə LDP üzvü olaraq bu palatada təmsil olunur.

Y.Nakasone 1997-ci ildə Yaponiyanın ən yüksək mükafatı sayılan Ali Xrizantema ordeni ilə təltif olunub.