logo

Bakıda Rumıniyanın Müstəqillik Günü qeyd edilib

20:49 28-11-2019 | icon 2296
Bakıda Rumıniyanın Müstəqillik Günü qeyd edilib

Noyabrın 28-də Bakıda "Hilton" mehmenxanasında Rumıniyanın müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

YeniAvropa xəbər verir  ki, Rumıniyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən ziyafətdə hökumət rəsmiləri, Mili Məclis üzvləri, Bakıda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bu il əlamətdar bir hadisə- Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın 10 illik yubileyinin qeyd  edildiyini bildirib.

“Bu 10 ildə strateji əməkdaşlığımız daha da güclənib. Bu gün nəqliyyat, enerji, ticarət, təhsil, mədəniyyət kimi bir çox sahələrdəki qarşılıqlı əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün çalışırıq ”, - deyə səfir səfir vurğulayıb. Diplomat daha sonra Azərbaycanın həm beynəlxalq miqyasda, həm də regiondakı rolunu qeyd edək deyib: “Bir ay bundan əvvəl Azərbaycan Qoşulmama Hərəkatının sədrliyinə başladı. Bu həm çox böyük diplomatik nailiyyət, həm də beynəlxalq məsuliyyətdir”.

Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb.

“Diplomatik münasibətlərin 27 ili, strateji tərəfdaşlığımızın 10 ili ərzində böyük uğurlara nail olmuşuq. Ölkələrimiz arasındakı münasibətlər dövlət başçılarının iradəsi ilə daha da inkişaf edib. Azərbaycanla Rumıniya arasındakı qarşılıqlı sərmayələrin həcmi 120 milyon dollardan artıqdır. Hökumətlərarası birgə komissiyanın 5 iclası keçirilib, gələn il sayca altıncısının Azərbaycanda keçirilməsi gözlənilir”, - deyən nazir Rumıniya dövlətinin Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini, ölkəmizin suverenliyini və ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb.