ABŞ aeroportlarının və aviaşirkətlərin administrasiyaları ölkədə kəskin hava şəraitinin yaranması ilə əlaqədar son iki gündə yüzlərlə reysi ləğv etməyə məcbur olublar.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Qayalı dağlarda qar qasırğası nəticəsində minlərlə reys təxirə salınıb. Sinoptiklərin sözlərinə görə, noyabrın 27-də güclü qar istiqamətini Qayalı dağlar regionuna və Orta Qərbə doğru dəyişib, Denverdə qar örtüyünün qalınlığı 25 santimetrdən çox olub.
Çikaqonun O`Xara beynəlxalq aeroportunda və Minneapolis/Sent-Pol aeroportunda ləngimələrin sayı daha çox olub: müvafiq olaraq 321 və 201 ləngimə. Noyabrın 27-nə olan məlumata görə, Birləşmiş Ştatlara və oradan istiqamət götürən 4500-dən çox reys qar qasırğası ilə əlaqədar ləngiyib.
ABŞ Milli Meteorologiya Xidmətindən bildiriblər ki, fırtına öz gücünə və miqyasına görə rekord səviyyədə ola bilər.