logo

Zəhərlənən tələbə qızların səhhəti normallaşır

10:29 22-11-2019 | icon 2352
Zəhərlənən tələbə qızların səhhəti normallaşır

“Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan Bakı Dövlət Universitetinin tələbələri - Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı vəziyyəti ağır stabil olaraq qalır".

YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, hər iki xəstə anlaqlı vəziyyətdədir, və huşları yerindədir.

Qızların həyati təhlükəsinə gəlincə, baş toksikoloq deyib ki, gedişat müsbətə doğrudur: “Proses bu şəkildə davam edərsə, həyati təhlükələri demək olar ki, yoxdur”. 

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universietinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Baş Prokurorluğun məlumatına görə, onlardan biri - fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan zəhərlənərək vəfat edib. 

1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. "Modern.az"