logo

Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradıldı

22:10 20-11-2019 | icon 2331
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradıldı

Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb.

YeniAvropa xəbər verir  ki, beş Xəzəryanı ölkənin – Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın media mütəxəssislərinin, jurnalistika fakültələri tələbələrinin iştirak etdikləri “Xəzəryanı ölkələrin media məktəbi” adlı tədbirdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının Xəzər hövzəsi ölkələrinin həyatında mühüm addım olması və bunun özünü bir çox sahələrdə, xüsusilə də medianın inkişafında göstərdiyi vurğulanıb.

Rusiyanın Həştərxan şəhərində keçirilən tədbirdə Azərbaycanın media mütəxəssisləri beş Xəzəryanı ölkənin birgə redaksiyasının yaradılması təklifi ilə çıxış ediblər.

Rusiya prezidentinin Qrantlar Fondunun layihə rəhbəri Radmila Davıdova Xəzəryanı ölkələrin əlaqələrində, inteqrasiyasında medianın rolunu xüsusi vurğulayaraq bildirib ki, Həştərxan Rusiyanın ən fəal, güclü ekspertləri və kadrları olan regionlarından biridir. O, ümidvar olduğunu bildirib ki, media platforması Xəzəryanı ölkələrin inkişafında əhəmiyyətli işlər görəcək. Həştərxan Dumasının nümayəndəsi cəmiyyətin, sosial mühitin inkişafında mühüm rol oynayan jurnalistləri əsas əlaqələndiricilər adlandıraraq, onların Xəzəryanı ölkələrin informasiya mübadiləsinə töhfə verəcəklərini diqqətə çatdırıb.

Həştərxanın Beynəlxalq və İqtisadi Əlaqələr Nazirliyinin Analitik informasiya şöbəsinin müdiri İlya Toropiçin beynəlxalq münasibətlərin inkişafının məhz insanlar arasında münasibətlər üzərində qurulduğunu vurğulayıb.

Bakı Dövlət Universitetinin dosenti Zaur Babayev isə Xəzəryanı dövlətlərin informasiya sistemlərinin vahid informasiya resurslarının təşkil olunması, ümumi Xəzəryanı redaksiyanın yaradılması təklifi ilə çıxış edib, informasiya mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Müzakirələrin yekununda Xəzəryanı dövlətlərin media platforması yaradılıb. Platformanın yaradılmasında məqsəd medianın ölkələrin iqtisadi, siyasi, mədəni inkişafı ilə bağlı fəaliyyətinin daha da genişləndirilməsi və şəbəkə halına gətirilməsidir.

Tədbir yeni və ənənəvi medianın fəaliyyəti, informasiya mənbələri, sosial mediada yayılan saxta məlumatların araşdırılması kimi mövzuların müzakirəsi ilə davam edib.

“Xəzər-Avrasiya” Beynəlxalq və İctimai-Siyasi Araşdırmalar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir 3 gün davam edəcək.