logo

Gələn ildən GUAM-a sədrlik Azərbaycana keçəcək

17:28 20-11-2019 | icon 2142
Gələn ildən GUAM-a sədrlik Azərbaycana keçəcək

2020-ci ilin yanvarın 1-dən GUAM-a sədrlik Azərbaycana keçəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə noyabrın 20-də Ukraynanın paytaxtı Kiyevdə keçirilən GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 51-ci iclasında bildirilib. 

İclasda Azərbaycanın quruma sədrliyi dövründə həyata keçiriləcək layihələr müzakirə edilib. İclasda çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın sədrliyi dövründə enerji, nəqliyyat, infrastruktur, gömrük və ticarət sahələrində layihələrə böyük diqqət yetiriləcəyini bildirib. GUAM-a üzv ölkələr arasında razılaşdırılmaqda olan sənədlərin imzalanması nəzərdən keçiriləcək.

İclasda, həmçinin yaxın vaxtlarda GUAM-ABŞ, GUAM+Yaponiya formatında görüşlərin keçirilməsi müzakirə edilib. GUAM+Kanada formatında görüşün təşkili üçün danışıqların aparıldığı vurğulanıb.