logo

Deputatlarımız QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər

13:53 18-11-2019 | icon 245
Deputatlarımız QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər

Noyabrın 19-21-də Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının 54-cü plenar iclası keçiriləcək.

Milli Məclisdən  YeniAvropa -ya bildiriblər ki, QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri İlham Əliyev, Jalə Əliyeva, Musa Quliyev, Aydın Mirzəzadə və Əflatun Amaşov tədbirdə iştirak edəcəklər.

Əvvəlcə QDİƏT PM Baş Assambleyasının 61-ci büro iclası keçiriləcək. Sonra Daimi Komitənin 54-cü iclası öz işinə başlayacaq. İki gün davam edəcək tədbirdə cari ilin iyununda Bakıda keçirilmiş 53-cü plenar iclasın protokolu təsdiqlənəcək. Qurumun fəaliyyəti, həmçinin QDİƏT-lə əlaqədar orqanların və sektoral dialoq üzrə tərəfdaşların fəaliyyəti barədə məlumatlar dinləniləcək. Ümumi müzakirələrdə Avropa İttifaqı ilə QDİƏT arasında əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə nəzər salınacaq.

Baş Assambleyanın plenar iclaslarında iqtisadi, ticarət, texnoloji, ekoloji, hüquqi, siyasi, mədəniyyət, təhsil və sosial məsələlər diqqət mərkəzində olacaq. QDİƏT regionunda ikiqat vergiqoymanın aradan qaldırılması, nəqliyyat marşrutlarının inkişafının hüquqi və siyasi aspektləri, bölgədə işsizlik və yeni iş yerlərinin yaradılmasında dövlətlərin rolu mövzularında məruzələr dinləniləcək, müvafiq tövsiyə qərarlar qəbul ediləcək.

Milli Məclisin deputatları bütün müzakirələrdə yaxından iştirak edəcək, müzakirə olunan məsələlərə münasibətlərini bildirəcəklər.

Baş Assambleyanın 54-cü plenar iclası çərçivəsində QDİƏT PM Sədrinin müavinləri seçiləcək, 2020-ci maliyyə ilinin büdcəsi qəbul ediləcək, qurumun yaz sessiyası ilə əlaqədar təşkilati məsələlər diqqət mərkəzində olacaq.

Səfər noyabrın 22-də başa çatacaq.