logo

Hindistan "S-400" kompleksləri üçün Rusiyaya artıq avans ödəyib

12:10 18-11-2019 | icon 2457
Hindistan "S-400" kompleksləri üçün Rusiyaya artıq avans ödəyib

Rusiya Hindistan üçün "S-400" zenit-raket komplekslərinin istehsalına başlayıb. Hava hücumundan müdafiə sistemləri 2025-ci ildə Hindistana çatdıracaq.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Dubai Airshow 2019” aviasiya sərgisində iştirak edən Rusiyanın “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov jurnalistlərə deyib.

“Avans ödənilib. Artıq istehsala başlamışıq. İşlər qrafikə uyğun aparılacaq. 2025-ci il müqavilənin icrasının son tarixidir”, - deyə Çemezov bildirib. Həmçinin yaxın altı ay ərzində KA-226T helikopterlərinin Hindistana çatdırılması üzrə müqavilənin də imzalanacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci il oktyabrın əvvəllərində imzalanan müqaviləyə əsasən, Rusiya Hindistana "S-400" zenit-raket komplekslərinin beş polkunu çatdırmalıdır.

Nyu-Dehli və Moskva arasında silah sazişləri Hindistanı Cənubi Asiyadakı əsas tərəfdaşı hesab edən Vaşinqtonun tənqidinə hədəf olub. ABŞ "S-400" zenit-raket kompleksləri üzrə əməkdaşlıqdan imtina etməyəcəyi təqdirdə Hindistanı sanksiyalarla hədələyib, Nyu-Dehli isə güzəştə getmək niyyətində olmadığını bildirib.

Xatırladaq ki, uzaq məsafəli zenit-raket sistemi - "S-400 Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

Hindistan Belarus, Çin və Türkiyədən sonra “Triumf” zenit-raket kompleksləri alan dördüncü ölkə olacaq.