logo

“Türk axını” boru kəməri layihəsi ilin sonunadək tamamlanacaq

17:15 16-11-2019 | icon 2730
“Türk axını” boru kəməri layihəsi ilin sonunadək tamamlanacaq

Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəməri (“TurkStream”) layihəsi bu ilin sonuna qədər yekunlaşacaq.

 YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib.

Qeyd edək ki, oktyabrın 15-də layihənin əsas mərhələsinə, yəni boru kəmərinin ilk xəttinin təbii qazla doldurulmasına başlanılıb. “Gazprom Transgaz Krasnodar” şirkəti isə “TurkStream”in birinci xəttinə qazın doldurulmasının noyabrın ortalarınadək davam edəcəyini açıqlayıb. Bildirilir ki, işlər son mərhələdədir. Təbii qaz boru kəmərinə alçaq təzyiqlə vurulur və bu proses mərhələli şəkildə artacaq. Boru kəmərinin dəniz hissəsinin isə yaxın müddətdə doldurulması nəzərdə tutulur.

Xatırladaq ki, “TurkStream”lə ilk təbii qazın nəqli bu il dekabrın 31-də gözlənilir.

Qeyd edək ki, “Gazprom” bu il layihəyə 102 milyard rubl ayırıb. Boru kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xəttin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan xətt İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.