logo

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub

17:48 15-11-2019 | icon 280
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub

Noyabrın 15-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub.

 YeniAvropa xəbər verir  ki,  Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılan heykəlin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi Azərbaycanı sevən insanların qəlbində daim yaşayacaq. Şöbə müdiri Azərbaycandakı tolerant və multikultural mühitin tarixən müxtəlif xalqların buraya gəlib məskunlaşmasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Azərbaycanda digər yerlərdən fərqli olaraq antisemitizmin olmaması onların burada yaşamasını təmin edib. Yəhudi xalqı tarixən Azərbaycan xalqının həyatında yaxından iştirak edib. Onlardan biri də Albert Aqarunov olub. O, Şuşanın müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Onun Vətən sevgisi təsadüfi olmayıb, bu, ilk növbədə, Azərbaycan xalqının multikulturalizm mədəniyyətindən irəli gəlir. Albert Aqarunovun adı Azərbaycan dövləti tərəfindən əbədiləşdirilib. Onun heykəlinin açılışı bu diqqətin daha bir təzahürüdür.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək bildirib ki, Albert Aqarunov qısa, lakin dəyərli ömür yaşayıb. O deyib ki, Albert hər gün ölümün üzünə dik baxıb. Bunun özü bir şücaətdir. Albertin harada doğulması, hansı milliyyətə mənsub olması önəmli deyil.

Nazir müavini qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların xatirəsi, onların ailə üzvləri və qazilər daim Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətindədir. Bugünkü tədbir də bunun əyani sübutudur. “Abidənin açılışında zəhməti olan hər kəsə Müdafiə Nazirliyinin rəhbərliyi və Azərbaycan Ordusunun şəxsi heyəti adından təşəkkür edirəm. Albert Aqarunovun və Vətən uğrunda şəhid olmuş digər insanların xatirələri qəlbimizdə əbədi yaşayacaq. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Azərbaycan Ordusu dövlət başçısının qarşımızda qoyduğu istənilən tapşırığı icra etməyə qadir və hazırdır”, - deyə o əlavə edib.

Açılış mərasimində iştirak etmək üçün İsraildən Bakıya gələn Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.

Albert Aqarunovun heykəlinin müəllifləri heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayevdir.

Xatırladaq ki,Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıdakı maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tankını, 7 ZTR-ni və bir çox texnikasını məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alan Albert 1992-cu il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında həlak olub.