logo

Dünya dini liderlərinin II Sammitində Bakı Bəyannaməsi qəbul edilib

13:28 15-11-2019 | icon 2464
Dünya dini liderlərinin II Sammitində Bakı Bəyannaməsi qəbul edilib

Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib.

YeniAvropa xəbər verir  ki, bəyannamədə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi vurğulanıb.

Qafqaz və ona qonşu olan bölgələrin, Mərkəzi Asiya ölkələrinin dini liderlərinin dinlərarası və məzhəblərarası əməkdaşlığın inkişafına və mənəvi dəyərlərin qorunmasına verdikləri töhfələr qeyd edilib.

Dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini birliklərin rəhbərləri və dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqeyinin bildirilməsi, o cümlədən dinlərarası və sivilizasiyalararası həmrəyliyin vacibliyinin bütün dünyaya nümayiş etdirilməsi məqsədilə belə tədbirlərin davamlı əsaslarda təşkil olunmasının əhəmiyyəti vurğulanıb.

Dünya dini liderlərinin II Bakı Sammitində irəli sürülən, Azərbaycan tərəfinin 2020-ci ildə Bakıda “Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda BMT, KAİCİİD və Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi təşəbbüsü alqışlanıb.

Dünya dini liderlərinin sülh, əmin-amanlıq və humanizm ideyalarına xidmət edən dövlət və ictimaiyyət institutları, habelə beynəlxalq və regional təşkilatlarla əməkdaşlığının vacibliyi qeyd edilib.

Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinin sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğu vurğulanıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Dünyada terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü təhrif olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də qaçqınların, məcburi köçkünlərin və miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı dərin narahatlıq ifadə edilib.

Silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə nəticələndiyindən və bu xüsusda dünya mədəni və mənəvi irsinə aid olan, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından dərin narahatlıq ifadə olunub.

Özündə bəşəri dəyərləri ehtiva edən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verdikləri, humanizmin təşviq edilməsinə, sülhün və ədalətin təmin olunmasına xidmət etdikləri xüsusi vurğulanıb.

Dayanıqlı tərəqqiyə, sabitliyə və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrin həllinə, eləcə də aqressiv təbliğatlara, etnik və dini zəmində yaranan münaqişələrin təhrik olunmasına qarşı mübarizə sahəsində beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinə olan zərurət bildirilib.

Bəyannamədə dövlətlər, Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional və ictimai təşkilatlar, dini liderlər sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviq edilməsini və gücləndirilməsini davam etdirməyə, terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanması, ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə, din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə, terrorçuların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinin qarşısının alınmasına çağırılır.

Bundan başqa, bəyannamədə bütün dinlərin müqəddəs ibadətgahlarında, o cümlədən səmavi dinlərin müqəddəs məkanı olan Qüdsdə təxribatların və zorakılıq hallarının qarşısının alınmasında əməli səy göstərməyə, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq ictimaiyyət və yerli cəmiyyət daxilində təşviq edilməsinə, dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə, UNESKO-nun Nizamnaməsinə istinadən, dini, mədəni və etnik müxtəlifliyin qəbul olunması və buna hörmətlə yanaşılmasının təşviq edilməsinə, habelə dini və mədəni irsin qorunmasına, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə və BMT-nin Uşaq Hüquqları Konvensiyasına riayət etməyə, insan hüquqları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırış yer alıb.