logo

FHN: Xətai rayonundakı yanğın zamanı 77 nəfər təxliyə edilib

12:10 15-11-2019 | icon 2590
FHN: Xətai rayonundakı yanğın zamanı 77 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyi (FHN) Xətai rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, noyabrın 15-də saat 01:34 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Bakının Xətai rayonu ərazisində Neapol küçəsi - 16 ünvanında yerləşən 17 mərtəbəli mansard tipli yaşayış binasının dam örtüyündə yanğının baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılmasının və baş verə biləcək ciddi fəsadların qarşısı alınıb. Yanğın zamanı 77 sakin yanğınsöndürənlər və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Tüstüdən zəhərlənmiş 15 nəfərə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən ilkin tibbi yardım göstərilib.

Yanğın saat 03:15 dəqiqədə yanğınsöndürmə qüvvələri tərəfindən söndürülüb. Hadisə nəticəsində binanın ümumi sahəsi 950 kvadratmetr olan dam örtüyünün 112 kvadratmetri, mansardında hər birinin sahəsi 64 kvadratmetr olan iki mənzil ev əşyaları ilə birlikdə ümumilikdə 90 kvadratmetr sahədə, şaxta boyunca elektrik kabellərinin 60 poqonometrlik hissəsi və 106 elektrik sayğacı yanıb. Binanın dam örtüyünün, mansardının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.