logo

Bakıda X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin açılışı olub

14:50 14-11-2019 | icon 2730
Bakıda X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin açılışı olub

Noyabrın 14-də Bakı Ekspo Mərkəzində “Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

YeniAvropa xəbər verir  ki, sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.Mərasimda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev  iştirak edib.

Sərgidə 10 ölkədən 60 şirkət sənayenin ən son nailiyyət və innovasiyalarını nümayiş etdirir. Eksponentlərin 17 faizinin əksəriyyətini sərgidə debüt edən xarici iştirakçılar təşkil edir.

“Caspian Ecology” sərgisi ekologiya sektorunun "EcoTech" - tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə və təkrar emal sistemləri, "EcoFood" - ekoloji məhsul və içkilər: fermer məhsulları, sağlam qida, balıqçılıq, "EcoManage" – mühəndis-konsaltinq xidmətləri, texniki dəstək, layihələndirmə, "Recycled Products" – təkrar emal edilmiş materiallardan hazırlanan məişət əşyaları, tullantılar üçün konteynerlərin istehsalçısı, kağız-karton istehsalı, "EcoBuild" – inşaat material və texnologiyaları istiqamətlərini əhatə edir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azergold”, “Azersun Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti, “BP”, “GIZ”, “SOCAR Polymer”, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və digər şirkət və strukturlar sərginin daimi iştirakçıları sırasındadır. Debütantlar arasında “SOCAR Foster Wheeler Engineering”, “MEVA A.S.” (Çex Respublikası), “DVOKUT-EKPO” MMC (Xorvatiya), “ARC Su Aritma Texnologiyalari” (Türkiyə) və digər şirkətlər yer alır. Sərginin debütantlarının ümumi sayı isə 45 faiz təşkil edir.

Tədbirin sponsoru qismində “Mətanət A”, “BP”, “AIMC” və “Holcim Azerbaijan” şirkətləri çıxış edir.

Sərgini müşayiət edən işgüzar proqramın bir hissəsi olaraq, yerli və xarici iştirakçıları arasında “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” adlı sessiya təşkil olunub. Bu sessiyanın gedişatında bir sıra şirkət nümayəndələri öz korporativ məsuliyyət siyasətləri çərçivəsində ekoloji istiqamətdə həyata keçirilən tədbirlər üzrə praktiki təcrübələrini paylaşıblar.

Bundan əlavə, Bakı Ekspo Mərkəzinin foyesində “Treş-art” (“Tullantıdan sənətə”) ekspozisiyası nümayiş olunur. Bu ekspozisiya çərçivəsində “Təmiz Şəhər” ASC ilə birlikdə istehsalat tullantılarından hazırlanmış sənət əşyaları sərgilənir. Həmçinin rəssam Aytən Abdullayevanın köhnə jurnal kəsiklərindən hazırlanmış orijinal rəsm əsərləri, Nəzrin Musayevanın polietilen paketlərdən hazırlanmış pannosu və xüsusi olaraq okeanları çirkləndirən plastik kütlələrdən birdəfəlik istifadə problemini ön plana çəkmək məqsədilə Azərbaycan Beynəlxalq Məktəbi “TISA”nın şagirdləri tərəfindən plastik qablardan hazırlanmış 7,5 metrlik nəhəng balina sərginin bir hissəsini təşkil edir.

Beləliklə, “Caspian Ecology” sərgisi aparıcı sənaye iştirakçıları və dövlət qurumları ilə eyni platformada görüşmək üçün imkan yaradan və yeni təchizatçı və tərəfdaşlar ilə tanış olmaq, sərfəli sazişlər imzalamaq üçün mühüm strateji qovşaqdır.

Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Bu il sərginin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsi yer alırlar.

Sərgiyə noyabrın 15-də yekun vurulacaq.