logo

Noyabrın 15-dən mənzillərə istilik veriləcək

14:08 14-11-2019 | icon 2660
Noyabrın 15-dən mənzillərə istilik veriləcək

Noyabrın 15-dən başlayaraq mənzillərin istiliklə təminatına başlanılacaq. 

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev qış mövsümünə hazırlıq işləri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

O qeyd edib ki, təmsil etdiyi qurumun strategiyasının 3 əsas prinsipi var. Bunlar uzun illər 1960-70-ci illərin texnologiyalarına əsaslanan həddən artıq mərkəzləşmiş sistemlərin tədricən yenidən qurularaq istilik məntəqələri olan qazanxanalara çevrilməsi, istiliklə təmin edilməyən ərazilərin müəyyənləşdirilərək optimal istilik sistemlərinin yaradılması və mövcud köhnə tipli qazanxanaların modernləşdirilərək müasir tipli qazanxanalara çevrilməsindən ibarətdir. Bu strategiya nəticəsində 2005-2019-cu illərdə 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-dək qazlaşma layihəsi icra edilib, 1900-dən artıq yaşayış binasında, 400-dən çox təhsil və səhiyyə müəssisələrində istilik sistemi bərpa olunub.

Qeyd olunub ki, ümumilikdə, bu illər ərzində 2700-dən çox istilik təchizatı sistemi ilə bağlı layihələr icra edilib. Bunun nəticəsidir ki, bu gün Bakı şəhəri və respublikanın regionlarında 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə müəssisəsi və 1300-dən çox digər sosial obyektlər “Azəristiliktəchizat” ASC-nin xidmət sahəsinə daxil olmaqla istiliklə təmin edilir.

İ.Mirzəliyev əlavə edib ki, əhaliyə göstərilən xidmətə görə tariflərdə yaxın vaxtlarda heç bir artım gözlənilmir.

Sonra jurnalistlərin sualları cavablandırılıb.