logo

İlham Əliyev Dünya dini liderlərinin II Bakı Sammitndə iştirak edib

13:55 14-11-2019 | icon 2121
İlham Əliyev Dünya dini liderlərinin II Bakı Sammitndə iştirak edib

Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.

YeniAvropa xəbər verir  ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitin açılış mərasimində iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirildi.

Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Ardınca prezident İlham Əliyev Sammitdə nitq söyləyib.

Sonra prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncamı oxunub və  İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Sammitdə çıxış ediblər. Daha sonra Patriarx Kirill Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Müqəddəs Serafim Sarovski” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanov prezident Vladimir Putinin, Türkiyə Dəyanət İşləri başqanı Ali Erbaş Prezident Rəcəb Tayyib Ərdoğanın, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze prezident Salome Zurabişvilinin Dünya dini liderlərinin II Sammitinə ünvanladığı məktubları oxuyublar. 

Sonra İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman, Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif, Özbəkistan Respublikası prezidentinin dövlət müşaviri Rüstəm Qosimov çıxış ediblər.

Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bir daha Sammitin əhəmiyyətini vurğulayaraq tədbirə gələn qonaqlara təşəkkürünü bildirib.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirlər.

İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.