logo

Vilayət Eyvazov Fransa səfiri ilə görüşüb

19:51 13-11-2019 | icon 2121
Vilayət Eyvazov Fransa səfiri ilə görüşüb

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, görüşdə qonağı salamlayan nazir yeni təyinat münasibəti ilə onu təbrik edib, ölkəmizdəki diplomatik işində ona uğurlar arzulayıb, fəaliyyəti müddətində Azərbaycan-Fransa münasibətlərinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Daxili İşlər nazirlikləri arasında mövcud əlaqələrdən söz açan nazir V.Eyvazov bu əməkdaşlığın, əsasən, Fransanın daxili təhlükəsizlik məsələləri üzrə ölkəmizdə akkreditə olunan regional attaşesi vasitəsilə həyata keçirildiyini, ölkəmizə səfərləri zamanı qarşılıqlı faydalı işbirliyinə dair onlarla dəfələrlə müzakirələr aparıldığını xatırladıb. Bu əməkdaşlıq çərçivəsində müxtəlif illərdə Bakı şəhərində keçirilmiş təlimlərdə daxili işlər orqanlarının ümumilikdə 57 əməkdaşı iştirak edib. Əməkdaşlığın davamı olaraq, cari il noyabrın 11-də Bakıdan başlayan, hazırda Tbilisi şəhərində davam edən “Narkotik vasitələrə qarşı mübarizədə nəzarətli çatdırma” adlı praktik təlimdə ölkəmizin müvafiq dövlət orqanlarının əməkdaşlarından ibarət heyətin də iştirak etdiyi qeyd olunub.

V.Eyvazov “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Fransa Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” layihəsinin hazırlanaraq müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra qarşı tərəfə təqdim olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərildiyini, həmin sənədin imzalanmasının əlaqələrin daha da inkişafına əlverişli hüquqi zəmin yaradacağına əminliyini ifadə edib.

Azərbaycanın sabitliyin və təhlükəsizliyin uzun illər ərzində etibarlı qorunduğu və bunun məntiqi nəticəsi olaraq beynəlxalq tədbirlərin mütəmadi keçirildiyi ölkələrdən biri olduğunu nəzərə çatdıran nazir bununla yanaşı, tək respublikamızın deyil, dünyanın bir çox dövlətlərinin narahatlığına səbəb olan terrorçuluğun, ekstremizmin, narkotiklərin qanunsuz dövriyyəsinin, insan alverinin, qanunsuz miqrasiyanın, kibercinayətkarlığın və digər transmilli cinayətlərin təhlükəsinin hələ də real olduğunu, belə qlobal xarakterli təhlükələrlə mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb.

Səfir Zakari Qros səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, ölkəmizdə tolerantlıq mühitinin, multikultural dəyərlərin hökm sürməsindən məmnunluğunu, fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.