logo

Pakistanın “Dəmir ledisi” Bakıda səfərdədir

18:39 10-11-2019 | icon 2674
Pakistanın “Dəmir ledisi” Bakıda səfərdədir

Pakistanın BMT-dəki xoşməramlı səfiri Muniba Mazari Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin(MPK) dəvəti ilə Bakıda səfərdədir.

 YeniAvropa xəbər verir  ki, səfərdə məqsəd  noyabrın 13-də Heydər Əliyev Fondunun MPK-nın birgə təşkil etdiyi “Yenilməzlər” Beynəlxalq Qala Təqdimatında , növbəti gün isə V Uşaq Paralimpiya Oyunlarında iştirak etməkdir. Muniba Mazari Gənc Tamaşaçılar Teatrında baş tutacaq “Yenilməzlər” tədbirində təqdimatla çıxış edəcək. Noyabrın 14-də isə V Uşaq Paralimpiya Oyunlarını izləyəcək.

Xatırladaq ki, Pakistanın“Dəmir ledisi”  adlandırılan Muniba Mazari 3 mart 1987-ciildə anadan olub. O, 2007-ci ildə 20 yaşı olarkən ağır yol qəzası nəticəsində xəsarətlər alaraq yerimək qabiliyyətini itirib. Qəza nəticəsində bədəninin bir çox nahiyələrindən ciddi zədə alaraq nəinki gəzmək, hətta bir müddət çox sevdiyi rəsm çəkməkdən belə məhrum olur.

Qəzadan sonra onun həyatında çətin günlər başlayır. 2 il ərzində yatağa məhkum olan Mazarinin həyat yoldaşı ondan ayrılır, övladlığa götürdükləri oğulları Nil ilə yalnız buraxır. Yalnız həyat yoldaşı yox, Mazarinin atası da bu çətin anlarda ailəsini tərk edir.

Yataqda olduğu 2 il ərzində o, özünü çox köməksiz və tərkedilmiş hiss etsə də güclü iradəsi həyatın gətirdiyi çətinlikləri dəf etməyə yardımçı olur. O, artıq əlil arabasından istifadə edə bilir və yenidən sevimli işi ilə məşğul olmağa başlayır.

Həyatının bu dövründən etibarən o qərar verir ki, daha fəal olub, ictimaiyyət arasında daha çox görünməyə çalışacaq. Beləliklə aktiv fəaliyyətə başlayan Mazari Pakistan televiziya kanallarından birində aparıcı kimi fəaliyyətə balayır və bundan sonra ölkəsində məhşurlaşır.

O, bir çox sosial lahiyələrin iştirakçısı olaraq uşaq zorakılığı və cinsi bərabərsizliyə qarşı maarifləndirmə işlərində aktiv iştirak edir, uşaqların təhsil hüquqlarının həyata keçirilməsinə çalışır.

Muniba Mazari Pakistanın əlil arabası istifadəçisi olan ilk incəsənət xadimi və bu ölkənin BMT-dəki xoşməramlı səfiri olan ilk qadın təmsilçisidir. O, həmçinin, BBC tərəfindən 2015-ci ilin ən nüfuzlu 100 qadını siyasına daxil edilib. Həmin il o, "Forbes" jurnalının “30 yaşdan aşağı 30 ən uğurlu şəxs” siyahısına daxil edilib.

Dünyada minlərlə fiziki məhdudiyyətli insana ruh yüksəkliyi verən və nümunə olan Muniba Mazari hal-hazırda modellik, rəssamlıq, oxumaq, nitq söyləmək kimi fəaliyyətlərini davam etdirərək sübut edir ki, güclü iradə həmişə çətinliklər üzərində qələbə çalır.