logo

Ərdoğan “Sülh çeşməsi” əməliyyatının bərpa olunacağını istisna etmir

17:10 08-11-2019 | icon 2786
Ərdoğan “Sülh çeşməsi” əməliyyatının bərpa olunacağını istisna etmir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada “Sülh çeşməsi” əməliyyatının bərpa olunacağını istisna etmir.

 YeniAvropa  Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, Türkiyə lideri bu barədə Macarıstandan qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə müsahibəsində deyib.

“Şübhəsiz. Sonuncu terrorçu regionu tərk etməyənə qədər davam edəcəyik. Digər ölkələr Suriyadan çıxmayana qədər biz də çıxmayacağıq. Suriyanın ərazi bütövlüyünü və vahidliyini dəstəkləyirik”, - deyə Rəcəb Tayyib Ərdoğan jurnalistin sualına cavab verərkən bildirib.

Prezidentin sözlərinə görə, Adana sazişinə əsasən, Türkiyə Suriya ərazisində hərbi əməliyyatlar keçirə bilər.

Xatırladaq ki, 1980-1990-cı illərdə Türkiyə və Suriya arasında münasibətlərdə ciddi gərginlik yaranıb. Ankara Dəməşqi PKK qruplaşmasına dəstək verməkdə ittiham edib. 1998-ci ilin oktyabr ayında Türkiyə PKK-ya dəstəkdən imtina etməsi üçün Suriyaya 45 günlük vaxt verib. Elə həmin il rəsmi Dəməşq PKK lideri Abdullah Öcalanı ölkədən çıxarıb. Bundan sonra iki ölkə arasında münasibətlərdə istiləşmə qeydə alınıb. 1998-ci il oktyabrın 20-də Türkiyə və Suriya arasında Adanada baş tutan danışıqların gedişində təhlükəsizlik məsələləri üzrə birgə protokol və saziş imzalanıb.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması üçün “Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Həmçinin Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək niyyətindədir.

Oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən, Suriyanın hökumət qüvvələri və Rusiya hərbi polisi 150 saat ərzində kürd separatçılarının və silahlılarının sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməli idi. Lakin kürd separatçıları hələ də öz silahlılarını ölkənin şimal-şərqindən çıxarmayıb.