logo

Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdiriləcək

18:10 05-11-2019 | icon 2359
Oqtay Gülalıyevin müalicəsi Türkiyədə davam etdiriləcək

Oktyabrın 29-u paytaxtın mərkəzində yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi Türkiyədəki xəstəxanaların birində davam etdiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.

O bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi müayinə ediblər: “Vəziyyəti ağır olduğundan müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verildi. Biz də razılıq verdik. Hazırda bununla bağlı hazırlıqlar görülür və sabah səhər saatlarında aparılması gözlənilir”.

Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib.

Hazırda yaralının müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.