logo

Nazirlər Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsini müzakirə etdilər

17:55 05-11-2019 | icon 2114
Nazirlər Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsini müzakirə etdilər

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib.

YeniAvropa xəbər verir  ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bugünkü iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunacaq. Komitə sədri qeyd edib ki, 2020-ci ilin büdcəsi Azərbaycanın müstəqillik tarixində ən irihəcmli büdcədir.

Gələn ilin büdcəsinin əsas parametrləri barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. 

Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat,gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat vəsaitin daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur.

Sonra çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb. Nazir qeyd edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir. Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov isə bildirib ki, 2020-ci ildə qarşımızda dayanan başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır. Elman Rüstəmov qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq. Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir.

Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov Fondun gəlir və xərcləri barədə məlumat verib. Bildirib ki, gələn ilin büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub.

İclasın sonunda maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə münasibətini bildirib, bir sıra təkliflərin nəzərə alınacağını diqqətə çatdırıb.

Sonra 2020-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.