logo

Müxalifət 2 noyabr mitinqini təxirə saldı

22:40 31-10-2019 | icon 2142
Müxalifət 2 noyabr mitinqini təxirə saldı

 Demokratik Qüvvələrin Milli Şurası adından noyabrın 2-də paaytaxtın mərkəzində-metronun “28 May” stansiyası ətrafında təyin edilən icazəsiz mitinq təxirə salınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli  internet TV-yə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, belə bir təkliflə hazırda ABŞ-da olan Milli Şuranın rəhbəri Cəmil Həsənli çıxış edib. Təklif bu gün Milli Şurada müzakirə edilib və qəbul olunub.

Qeyd edək ki,  Bakı şəhər İcra Hakimiyyəti müxalifətin noyabrın 2-də mitinq keçirmək istəyinə müsbət cavab vermiş və bunun üçün Lokbatan qəsəbəsindəki "Neftçi" stadionunu göstərmişdi. Müxalifət isə israrla metronun “28 May” stansiyası yaxınlığındakı meydanı ya da  "Məhsul" stadionunu təklif edirdi.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq isə paytaxtın mərkəzində qanunsuz mitinq keçirməyə icazə verilməyəcəyini bəyan etmişdi.

Xatırladaq ki, bundan əvvəl Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası(AXCP) oktyabrın 19-da  metronun “28 May”stansiyası yaxınlığında icazəsiz aksiya keçiriblər. Polis qüvvələri icazəsiz aksiyanın qarşısını sərt şəkildə alıblar, 60 nəfər saxlanılaraq inzibati qaydada cəzalandırılıb. AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıblar. Əli Kərimli buraxılsa da, Tofiq Yaqublu hələ də həbsdədir.